Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə.
Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir.
Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi.
7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir.[1] Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı.